Qərbin Ermənistanı öz çətiri altında saxlaması sülh müqaviləsini gecikdirir - Hulusi Kılıç

Qərbin Ermənistanı öz çətiri altında saxlaması sülh müqaviləsini gecikdirir - Hulusi Kılıç

Bakı. TurkicWorld:

Azərbaycanla sülhə bu qədər yaxınkən Ermənistanın Avropa İttifaqı və ABŞ ilə üçtərəfli görüşü qəbul etməsi onun ciddi bir dövlət olmadığını göstərir.

Bu barədə TurkicWorld-in suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç bildirib.

O qeyd edib ki, Ermənistan bu gün keçiriləcək görüşdə iştiraka ona görə razılıq verdi ki, bölgədəki sülh və sabitliyə əhəmiyyət vermir.

"Bu bölgədə nə Avropa İttifaqının, nə də ABŞ-nin yeri var. O Avropa İttifaqının və ABŞ-nin bölgəyə girməsi, bölgə ilə bağlı qərar qəbulu hörmətsizlikdir. Qərb Ermənistanı müvəqqəti olaraq öz təhlükəsizlik çətiri altına ala bilər, ancaq bölgə ölkəsi olan Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranla yaxşı yola getməlidir. Uzaqdakı ölkələrin bölgəyə bir faydası yoxdur. Ermənistana da faydası olmayacaq. Avropa İttifaqı və ABŞ-nin bölgəni bilmədən, tanımadan bura müdaxilə etmələrinin xoş niyyətli olmadığını çox yaxşı bilirik. Azərbaycanın torpaqları 30 il işğal altında ikən BMT-nin 4 qətnaməsinə rəğmən, heç bir addım atmayan və həll yolu tapmağa çalışmayan Aİ və ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra çox narahat olduqlarını açıq şəkildə göstərirlər.

Qərbin Ermənistana dəstək verərək onu öz çətirinin altına salması sülh müqaviləsinin imzalanmasını gecikdirir. Ümid edirik ki, Qərb bu davranışlarından əl çəkəcək və Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa sövq edəcək", - deyə H.Kılıç bildirib.