Rusiya XİN Ermənistanın Azərbaycana hücum etməmək haqqında pakt imzalamaq təklifinə münasibət bildirib

Rusiya XİN Ermənistanın Azərbaycana hücum etməmək haqqında pakt imzalamaq təklifinə münasibət bildirib

Bakı. TurkicWorld:

Rusiyanın fikrincə, Cənubi Qafqazda sabitliyin və davamlı sülhün bərqərar olmasının ən yaxşı təminatçısı yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinin tez bir zamanda bərpasıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə İrəvanın hücum etməməklə bağlı pakt imzalamaq təklifinə münasibət bildirərkən deyib.

"Bu, Bakı-İrəvan barışığının alternativsiz yol xəritəsi olmaqla, sülh sazişinin hazırlanmasını da ehtiva edir", - Rusiya XİN nümayəndəsi deyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Bakıya hücum etməmək haqqında paktı imzalamağı təklif etdiyini bildirib.

"Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin, sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub", - Paşinyan deyib.

Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.