Şuşadakı yaşayış kompleksində istifadəyə veriləcək mənzillərin sayı açıqlanıb

Şuşadakı yaşayış kompleksində istifadəyə veriləcək mənzillərin sayı açıqlanıb

Bakı. TurkicWorld:

Şuşadakı yaşayış kompleksində 450 mənzil istifadəyə veriləcək.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olduqları zaman Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verərkən bildirib.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq.

Aydın Kərimov onu da bildirib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.