Azərbaycan BMT-ni Qarabağda ələ keçirilən hərbi vasitələrin sənədləşdirilməsinə dəvət edib

Azərbaycan BMT-ni Qarabağda ələ keçirilən hərbi vasitələrin sənədləşdirilməsinə dəvət edib

Bakı. TurkicWorld:

Antiterror tədbirləri nəticəsində zərərsizləşdirilən və ya ələ keçirilən silahların mürəkkəbliyi və təşkilatlandırılması Ermənistanın Qarabağdakı hərbi personalını yerli milislər və ya silahlı mülki şəxslər kimi təsvir etmək cəhdlərini ifşa edib.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

O qeyd edib ki, Ermənistan qüvvələrinin Qarabağda törətdiyi təhlükəsizlik təhdidlərinin ən bariz göstəricisi əməliyyat zamanı məhv edilmiş və ya ələ keçirilmiş, həmçinin, Qarabağ boyunca tapılmış silahların həcmi və qabaqcıl texnologiyalı hərbi vasitələrdir:

"Azərbaycan BMT-ni bu hərbi vasitələrin sənədləşdirilməsinə, tərksilah prosesinə yardım etməyə və Ermənistanın qanunsuz fəaliyyətlərini bütün dünya üçün sənədləşdirməyə dəvət edib".

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.