Əli Əsədov TDT-nin Bakıda keçirilən tədbirlərində iştirak edən nazirlərlə görüşüb

Əli Əsədov TDT-nin Bakıda keçirilən tədbirlərində iştirak edən nazirlərlə görüşüb

Bakı. TurkicWorld:

Bu gün baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında və 2-ci Türk Aqro Biznes Forumunda iştirak edən kənd təsərrüfatı nazirləri ilə görüşüb.

TurkicWorld xəbər verir ki, baş nazir Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının və 2-ci Türk Aqro Biznes Forumunun əhəmiyyətini vurğulayıb, bu tədbirlərin türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bildirilib ki, türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunub, bütün digər sahələr kimi aqrar sektorun da inkişafı üçün əlverişli şərait yaranıb.

Azərbaycanda aqro-ərzaq sisteminin davamlı transformasiyasının təmin edilməsi istiqamətində yaşıl enerji, rəqəmsallaşma və innovativ həllərin tətbiqi barədə söhbət açılıb.

Ölkədə aqroparkların yaradılması prosesinin geniş vüsət aldığı bildirildi, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişaf potensialı barədə məlumat verildi.

Görüşdə Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, həmçinin, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.