Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər - Peskov

Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər - Peskov

Bakı. TurkicWorld:

Kreml hələlik ABŞ-nin Qarabağ üzrə beynəlxalq müşahidə missiyası yaratmaq ideyasında heç bir konkretlik görmür.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Qarabağda hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər", - o deyib.

Bundan başqa, Peskov həm Bakı, həm də İrəvanla, o cümlədən, Qarabağın erməni sakinləri ilə təmasları davam etdirdiyini əlavə edib.

Qeyd edək ki, ABŞ-nin Qarabağda beynəlxalq müşahidə missiyası yaratmaq ideyası barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Qeyd edək ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.