Azad edilmiş ərazilərdə nə qədər ərazi minadan təmizlənib?

Azad edilmiş ərazilərdə nə qədər ərazi minadan təmizlənib?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2020-ci il 10 noyabr tarixindən bugünədək 5 430 ha ərazi təmizlənib, 24 925 ədəd mina və PHS aşkar edilib, bu il ərzində isə 4 854 ha ərazi təmizlənib, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin sentyabr ayının 01-23 tarixlərində MN mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 ha ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 ha ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628.626 ha ərazi təmizlənib, 427 ha ərazi isə təmizlənməli ərazidir. Ümumilikdə 12.014 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən ümumilikdə 286 ha ərazi təmizlənib, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.