İƏT azad edilmiş ərazilərdə aparacağı monitorinqlərlə bağlı hesabat hazırlayacaq

İƏT azad edilmiş ərazilərdə aparacağı monitorinqlərlə bağlı hesabat hazırlayacaq

Bakı. TurkicWorld:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparacağımız monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacağıq.

TurkicWorld xəbər verir ki, bunu Fəxri xiyabanda jurnalistlərə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman deyib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı ikinci monitorinq üçün Azərbaycanda səfərdədirlər.

"Bundan əvvəl də monitorinq aparılıb və orada olan dağıntılar qeydə alınıb. Bu səfərimiz çərçivəsində də əsasən dini və tarixi abidələrə vurulmuş zərərlə bağlı hesabat hazırlayacağıq. Bu hesabat da 2021-ci ildə hazırlanmış hesabat kimi aidiyatı qurumlara təqdim olunacaq".

Qeyd edək ki, sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaq nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirəcəklər.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Faktaraşdırıcı missiya həyata keçirəcək İƏT MDİHK nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə) İƏT MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamaradır (Qvineya).