Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar

Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar

Bakı. TurkicWorld:

Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar, sərhədçimiz yaralanıb.

TurkicWorld-un məlumatına görə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Atəş əks istiqamətdəki erməni postundan məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Düşmən atəşi nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Hərbçimizin vəziyyəti stabil olaraq qiymətləndirilir, lazımi bütün tibbi xidmətlər göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır, atəş açdıqdan sonra erməni hərbçiləri öz postlarını tərk ediblər.

Bu yolverilməz hadisə Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür. Bu Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti üçün problem yaratmayıb, Azərbaycanın məntəqəni müdafiə etmək üçün kifayət qədər resursları var. Lakin açıq-aşkardır ki, sərhəd-buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni narahat edir.