Bəşər Əsədin əmisi müharibə cinayətlərinə görə mühakimə olunacaq

Bəşər Əsədin əmisi müharibə cinayətlərinə görə mühakimə olunacaq

Bakı. TurkicWorld:

Suriya rejimi lideri Bəşər Əsədin əmisi Rifat Əsədin 1982-ci ildə Həmada komandir olarkən etdiyi müharibə cinayətlərinə görə İsveçrədə mühakimə olunacaq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Prokurorluğu açıqlama verib.

Bildirilib ki, Suriyanın keçmiş vitse-prezidenti və Suriya ordusunun keçmiş zabiti Rifat Əsədə qarşı hərbi və insanlığa qarşı cinayətlərlə bağlı Federal Cinayət Məhkəməsində cinayət işi açılıb.

“Əsəd 1982-ci ilin fevralında Həmada əməliyyatların komandiri olarkən silahlı münaqişə və əhaliyə qarşı geniş hücumlar kontekstində qətllər, işgəncələr, qəddar rəftar və qeyri-qanuni həbslərə göstəriş verməkdə ittiham olunur”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, təqsirləndirilən Rifat Əsəd istintaq zamanı İsveçrədə olub.

Həma qırğını

Suriyanın o zamankı lideri Hafiz Əsədin qardaşı Rifat Əsədin komandanlığı altında xüsusi təyinatlılar fevralın 2-də ölkənin mərkəzi hissəsində yerləşən Həma əyalətində Müsəlman Qardaşlar Təşkilatının rejimə qarşı başlatdığı qiyamı yatırtmaq üçün şəhəri mühasirəyə alıblar.

1982-ci ildə əvvəlcə şəhəri havadan bombardman, sonra isə artilleriya atəşi və kütləvi edamlardan istifadə edərək 27 gündə minlərlə insan qətlə yetirilib.

Qırğın zamanı 88 məscid, 3 kilsə və bir çox tarixi abidə də dağıdılıb.

Hafiz Rufizoğlu