İsrailin baş naziri Beynəlxalq Ədalət Məhkəməsinin qərarını qəbul etmir

İsrailin baş naziri Beynəlxalq Ədalət Məhkəməsinin qərarını qəbul etmir

Bakı. TurkicWorld:

İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın İsraili soyqırımda günahlandıran iddiasına baxılmasına dair qərarını qınayıb.

TurkicWorld xəbər verir ki, Netanyahu Qəzzada müharibəni davam etdirəcəyini bir daha təsdiqləyib.

O qeyd edib ki ,İsrailin özünü müdafiə etmək üçün əsası və hüququ var.

“Haaqa məhkəməsi, bizi bu hüquqdan məhrum etdi”-deyə o bildirib.

Məlumat üçün bildirək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

“İsrail soyqırımı inkar edir, soyqırım ittihamlarını rədd edir və onların hüquqi əsasının olmadığını bildirir. Məhkəmə İsrailin rədd tələbini qəbul etmir. Cənubi Afrikanın irəli sürdüyü iddiaların əsaslı olub-olmaması qiymətləndiriləcək. Konvensiyaya əsasən, soyqırımında iştirak etmək və onu təşviq etmək də soyqırımı cinayəti sayılır. Fələstinlilərə gəlincə, onlar soyqırım konvensiyasının 2-ci maddəsinə uyğun olaraq qorunmalı olan bir qrupdur. İsrailin hücumları çoxlu sayda insanın ölümünə, mülki infrastrukturun dağılmasına və insanların didərgin düşməsinə səbəb olub. Qəzza əhalisinin 93 faizi böhran səviyyəsində aclıqla üzləşib. Qəzzada uşaqlar ciddi travmalarla üzləşirlər, 1,4 milyon insan sığınacaqlarda yaşayır və xəstəliklər yayılır”, – deyə məhkəmənin sədri hakim Joan Donoghue bildirib.

Hakim onu da qeyd edib ki, İsrail Beynəlxalq Ədalət Məhkəməsinə bir ay ərzində hesabat təqdim etməlidir.

“İsrail dərhal lazımi tədbirləri görməli və humanitar və əsas xidmətlərin insanlara çatmasını təmin etməlidir. Qəzzada münaqişənin bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində məsuliyyət daşıyırlar. Oktyabrın 7-də Həmas tərəfindən girov götürülənlər dərhal azad edilməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib.

Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 26 min 83 nəfərə çatıb.