Parisdə Olimpiya Oyunlarının keçirilməsi qərarı ilə Fransada narazılıqlar artır

Parisdə Olimpiya Oyunlarının keçirilməsi qərarı ilə Fransada narazılıqlar artır

Bakı. TurkicWorld:

Fransada 2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsinin tərəfdarlarının sayının azaldığı müşahidə olunur.

TurkicWorld cümə axşamı xəbər verir ki, "Odoxa" tərəfindən "Le Figaro" qəzeti üçün keçirilən sorğunun nəticələri bunu təsdiqləyir.

Sorğuya əsasən, fransızların yalnız 58%-i gələn il oyunların Fransanın paytaxtında keçirilməsi ideyasına müsbət yanaşır. Bu göstərici son üç ay ərzində 11 faiz bəndi azalıb. Sorğuda iştirak edənlərin yerdə qalanları ya əks fikr bildirib, ya da konkret cavab verməyiblər.

Sorğunun nəticələrindən görünür ki, mənfi cavab vermiş respondentlərin 64%-i öz təhlükəsizliklərinə görə, 66% nəqliyyat problemləri ilə bağlı, 71% isə ətraf mühitə mənfi təsirə görə narahatdırlar.

Bundan başqa, sorğuda iştirak edənlərin yarıdan çoxu (52%) Olimpiya Oyunlarını izləməyi planlaşdırdıqlarını bildiriblər.

Sorğu 21-22 iyun tarixlərində təqribən min nəfər arasında keçirilib.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları 2024-cü il 26 iyul - 11 avqust tarixlərində keçiriləcək.