Türkiyənin energetika naziri Bakıya gəlib

Türkiyənin energetika naziri Bakıya gəlib

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün Bakıya gəlib.

TurkicWorld-un məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, 21-22 dekabr tarixlərində Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.

Dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal Terminalına səfəri nəzərdə tutulur.

Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.