İon-Adriatik boru kəməri üzrə şirkətin nə zaman yaradılacağı açıqlanıb

İon-Adriatik boru kəməri üzrə şirkətin nə zaman yaradılacağı açıqlanıb

Bakı. TurkicWorld:

İon-Adriatik boru kəməro (IAP) üzrə şirkətin 2024-cü ilin əvvəlində yaradılacağı gözlənilir.

Bu barədə TurkicWorld -in sorğusuna cavab olaraq layihənin iştirakçılarından biri olan "Plinacro" şirkətindən deyiblər.

"Müqavilənin maraqlı tərəfləri arasında birgə şirkətin yaradılması barədə yekun razılaşdırma gedir. Şirkətin gələn ilin əvvəlində yaradılacağı gözlənilir", - deyə şirkətdən bildiriblər.

"Plinacro"dan verilən məlumata görə, Xorvatiyada bütün IAP iştirakçılarının ətraf mühitə təsirləri üzrə tədqiqatlar aparılıb və müsbət nəticələr əldə olunub, təməl layihələr işlənib hazırlanıb və boru kəmərinin yerləşməsinə dair icazələr alınıb.

"Qaz kəmərinin birinci Split-Zaqvozd hissəsinin tikintisinə icazə alınıb, ikinci Zaqvozd - Ploçe hissəsinin tikintisinə icazənin isə yaxın zamanda alınacağı gözlənilir", - şirkətdən deyiblər.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.

TAP artıq layihənin tərtibatçıları olan "Plinacro" (Xorvatiya), "BH-Gas" (Bosniya və Herseqovina), "GeoplinPlinovodi" (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.