Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal ekoloji problemlərin həllində iştirak edir - "Energy Intelligence" redaktoru

Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal ekoloji problemlərin həllində iştirak edir - "Energy Intelligence" redaktoru

Bakı. TurkicWorld:

COP29 Azərbaycanın özünü qlobal ekoloji problemlərin həllində iştirak edən ölkə kimi dünyaya tanıtması üçün bir fürsətdir.

Bu barədə TurkicWorld-ə Londonun "Energy Intelligence" nəşriyyatının redaktoru Maykl Ritçi deyib.

"Noyabr ayında COP29 keçiriləndə bütün diqqət Azərbaycana yönələcək. Tədbir on minlərlə jurnalist, iştirakçı və nümayəndənin iştirakı ilə keçiriləcək. Həmçinin neft və qaz istehsalçısının iqlim danışıqlarında niyə iştirak etdiy ilə bağlı suallar olacaq. Lakin COP29 həmçinin iri neft və qaz istehsalçısı olan Birləşmiş Ərəb Əmirliklərində konfransdan dərhal sonra keçirilir. Əslən olduğum Böyük Britaniya da neft və qaz istehsalçısıdır və bu konfransa ev sahibliyi edib. COP29 Azərbaycanın özünü dünyaya qlobal ekoloji problemlərin həllində iştirak edən ölkə kimi tanıtması üçün imkandır", - Ritçi deyib.

Onun sözlərinə görə, COP29-un keçirilməsi maliyyə məqsədlərinə nail olmaq və iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi məqsədilə ola bilsin ki, inkişaf etmiş ölkələrdən əlavə vəsait əldə etmək üçün son dərəcə vacibdir. Həmçinin burada Braziliyada keçiriləcək COP30 tədbirinin təməli qoyulacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.