COP29-da maliyyə mexanizmləri məsələsi son dərəcə vacibdir - Mikayıl Cabbarov

COP29-da maliyyə mexanizmləri məsələsi son dərəcə vacibdir - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

COP29-da maliyyə mexanizmlərinin təmin edilməsi son dərəcə vacibdir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda keçirilən panel müzakirəsi zamanı deyib.

"COP28 uğur idi. Enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin həcminin artırılmasına yönəldilmiş diqqət - bütün bunları nəzərə alsaq, bunu uğur hesab etmək olar. Bu, gərgin zəhmət hesabına mümkün olub", - nazir bildirib.

O qeyd edib ki, COP29-un ev sahibi kimi Azərbaycan da müəyyən səviyyədə gözləntilərin olduğunu başa düşür.

"Prosesi eyni uğurlu şəkildə davam etdirmək məsuliyyəti var. Əsas odur ki, maliyyələşmə mexanizmləri təmin olunsun. Bu, son dərəcə vacibdir", - Cabbarov əlavə edib.

Xatırladaq ki, 11 dekabr 2023-cü ildə Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2024-cü il yanvarın 4-də COP29-un prezidenti təyin edilib.