Türkiyə və Azərbaycan əməkdaşlığı ilə Avropaya qaz ixracatı iki qat arta bilər

Türkiyə və Azərbaycan əməkdaşlığı ilə Avropaya qaz ixracatı iki qat arta bilər

Bakı, TurkicWorld:

Türkiyə və Azərbaycan TANAP layihəsi ilə Avropaya qaz ixracını iki qat artıra bilər, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Enerji və Ətraf Mühit sektoru üzrə sədri Altuğ Karataş bildirib.

“Türkiyə təbii qazı Azərbaycan, Rusiya və İrandan tədaürük edir. Türkiyə, həmçinin, ümumi təbbi qaz istehlakının 30 faizini mayeləşdirilmiş təbii qaz (LNG) və boru kəməri vasitəsilə nəql edilən spot qazı ilə təmin edir. Ona görə də Türkiyə öz ərazisindən birinci mərhələdə 10 milyon kubmetr, ikinci mərhələdə isə 2025-ci ilin sonuna qədər ümumilikdə 40 milyon kubmetr hasil etməyi planladığı Qara dəniz təbii qazı ilə yüksək qiymətə aldığı LNG-dən asılılığı azalda bilər və ya 2025-ci ildə Rusiya ilə bəzi uzun müddətli müqavilələri sona çatdıra bilər. Türkiyə əgər qaz idxalında seçim etməli olarsa ilk seçimi mütləq qardaş ölkə olan Azərbaycan olardı. Hazırda Avropanın da istəyi bu yöndədir”, - deyə A.Karataş qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə hasil ediləcək Qara dəniz təbii qazı Azərbaycandan idxal edilən qazın həcminin azalmasına səbəb olmayacaq.

“Türkiyənin qaz istehlakı sənaye sahəsi və yaşayaş yerlərindəki artımla paralel olaraq artır. Bu da öz növbəsində qaza olan tələbatı artıracaq. Türkiyə 2-ci və ümumilikdə 3-cü fazanı tamamladığı zaman Sakarya qaz yatağının hasilatında ümumi təbii qaz ehtiyacının 25 faizini öz torpaqlarından çıxarmış olacaq, qalanını isə idxal edəcək. Türkiyədə hazırda yeni qaz yataqlarının kəşfiyyatı prosesləri davam edir. Əgər yeni qaz yataqları aşkar edilsə belə Türkiyənin qaz idxalında birinci seçimi mütləq Azərbaycandır. Türkiyə Azərbaycan qazının idxalı ilə bağlı işlərini görüb, müqavilələr bağladıqdan sonra digər alternativlərə baxacaq”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Türkiyə qaz mərkəzinə çevrilməyə çalışır.

“Türkiyə boru kəmərləri ilə dünyanın bütün bazarlarından təbii qaz ehtiyacını toplayaraq Avropaya ötürülən azad bazarın olduğu mexanizm qurmaq istəyir. Əslində, Avropaya ən böyük qaz nəqlini həyata keçirə biləcək namizəd ölkələrdən biri də qardaş ölkəmiz Azərbaycandır. Yəni Rusiyanın bu plandan kənarda qalma ehtimalını və Türkiyənin yaxın dövrdə TANAP-dan əlavə qaz qovşağına çevrilməsini nəzərə alaraq deyirəm ki, qazın Türkiyə ərazisi ilə Avropaya çatdırılacağı bir vəziyyət yaranacaq. Əslində, təkcə Azərbaycan qazı deyil, Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqli məsələsi də hazırda gündəmdədir”, - deyə sədr vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin qlobal brendi olan Neft şirkəti (TPAO) və Azərbaycan SOCAR şirkəti bundan sonra daha çox neft-qaz enerjisi müqavilələri bağlayacaq, daha böyük kəşfiyyatlarla məşğul olacaq və iki ölkə arasında əməkdaşlıq nəticəsində Avropaya daha çox qaz hasil ediləcək.

“Türkiyənin milli enerji və mədən siyasəti Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində qaz idxalının azalmasına deyil, əksinə artmasına imkan verəcək milli siyasətdir. Bu, hər iki ölkənin milli maraqlarına uyğundur. Odur ki, Türkiyə Avropanın ən mühüm alternativinə çevriləcəyindən Türkiyədə daha çox qaz çıxarılsa belə iki ölkə arasındakı dostluq-qardaşlıq münasibətləri və Azərbaycanın enerji ticarətində Türkiyənin ən böyük tərəfdaşlarından biri olması nəticəsində yaxın 10 il ərzində Avropaya qaz hasilatının daha da artırılacağını hesab edirəm”, - deyə o bildirib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Aprelin 20- də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib.

Bundan əlavə, Qara dəniz qazı əhaliyə verildikdən sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.