Bakı. TurkicWorld:
Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-dan daha iki ədəd istehsal ediləcək.
TurkicWorld xəbər verir ki, bu barədə TUSAŞ-ın Baş direktoru Temel Kotil məlumat verib.
"KAAN artıq uçuşa hazır vəziyyətdədir, lakin bəzi sınaqlar tamamlanmalıdır. 2028-ci ildə 20 ədəd KAAN döyüş təyyarəsini Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verməyi planlayırıq. Bu təyyarələr F-35-in alt, F16-nın üst seqmenti olacaq", - deyə o əlavə edib.
T.Kotil onu da bildirib ki, beşinci nəsil KAAN təyyarələri 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.
Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 may tarixində Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.