Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır - Səbinə Əliyeva

Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır -  Səbinə Əliyeva

Bakı. TurkicWorld:

Bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı mərasimində çıxışında deyib.

"Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir. Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət almışdır. Belə ki, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilib.

Hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür",- deyə Ombudsman əlavə edib.