Öz vətəndaşlarının hüquqlarını pozanlar özünü dünyaya insan haqlarının müdafiəçisi kimi təqdim edirlər - Səbinə Əliyeva

Öz vətəndaşlarının hüquqlarını pozanlar özünü dünyaya insan haqlarının müdafiəçisi kimi təqdim edirlər - Səbinə Əliyeva

Bakı. TurkicWorld:

Göründüyü kimi, tarix boyunca bu mənfur siyasətindən əl çəkməyən dövlətlər nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını pozanlar bu gün özünü dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edirlər.

TurkicWorld xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasəti milyonlarla günahsız insanın yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi əsas insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub.

"Təcavüzkar dövlətlər müstəmləkə əsarətində saxladıqları ölkələrində daxili qarşıdurmaların, soyqırımlarının baş verməsində bilavasitə məsuliyyət daşıyır. Bu çirkin əməllərindən əsas ziyan çəkənlər isə hər zaman olduğu kimi günahsız insanlar - mülki əhalidir.

XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuş Fransa, müstəmləkəsinə çevirdiyi ölkələrdə yaşayan xalqların hüquqlarını kobud şəkildə pozmaqdadır. Demək olar ki, tarixin bütün dövrlərində Afrika ölkələrində müsəlman əhaliyə qarşı ağır cinayətlər, dəhşətli qırğınlar törədilib. Təkcə Əlcəzairdə yüz ildən çox müddət ərzində 1,5 milyondan artıq insanın amansızca qətlə yetirilməsi ilə müşayiət olunan insan hüquqlarının pozulması faktları bunu bir daha təsdiq edir", - deyə S.Əliyeva vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.