Vardanyan saxlanma şəraitindən razıdır

Vardanyan saxlanma şəraitindən razıdır

Bakı. TurkicWorld:

Ruben Vardanyan saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib.

Bu barədə TurkicWorld-ə Ombudsman Aparatından bildirilib.

Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir.

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən edilib.

Xatırladaq ki, törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.