Qarabağın kimə məxsus olduğu həll edilib - Rəsmi Moskva

Qarabağın kimə məxsus olduğu həll edilib - Rəsmi Moskva

Bakı. TurkicWorld:

Qarabağın kimə məxsus olduğu həll edilib.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, əsas məsələ həll edilib, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb.

“İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün. Amma nəzərə alsaq ki, Qarabağın kimə məxsus olması ilə bağlı əsas məsələ həll edilib. Bu, Ermənistanın Qarabağın Azərbaycana məxsus olmasını tanıması qərarı ilə həll olunub və nizamlanıb, o zaman demək olar ki, mühüm irəliləyiş təmin edilib”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Peskov onu da qeyd edib ki, bu müqavilə (sülh müqaviləsi-red.) üzərində işin yekunlaşması üçün çoxlu texniki məsələlər qalıb: “Lakin bunun üçün bütün ilkin şərtlər mövcuddur və xoşməramlı iradə olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq”.

Rusiya liderinin mətbuat katibi bu gün Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin baş tutan görüşündən də danışıb: “Qarabağ ermənilərinin qanuni maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Bu cür anlayış Azərbaycan tərəfində var. Görürsünüz ki, Azərbaycan tərəfi özü bu görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi və bu görüşü təşkil edib. Ona görə də indi ümid var ki, bu danışıqlar nəticə verəcək”.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.