Qəzzanın əl-Muğraqa bölgəsində ən az üç nəfər həlak olub

Qəzzanın əl-Muğraqa bölgəsində ən az üç nəfər həlak olub

Bakı. TurkicWorld:

Bu gün səhər saatlarında Qəzza zolağının mərkəzində, əl-Muğraqa bölgəsində İsrailin hava hücumu nəticəsində ən az üç nəfər həlak olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Wafa xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində onlarla insan yaralanıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01