Fransadakı hadisələr Makronun siyasi sonunu gətirə bilər - Deputat

Fransadakı hadisələr Makronun siyasi sonunu gətirə bilər - Deputat

Bakı. TurkicWorld:

Fransada baş verən qətl hadisəsi və ona olan reaksiyadan təəccüblənmək lazım deyil. İlk növbədə ona görə ki, Fransada irqi ayrı-seçkilik zəmində insanların öldürülməsi adi hal alıb.

Bunu TurkicWorld-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

O bildirib ki, Fransa Prezidenti Emmanuel Makron demokratiya və söz azadlığından danışsa da, əslində insanın ən ali hüququ olan yaşamaq hüququnu öz ölkəsində qoruya bilmir.

"Fransa qarışıb, ölüm halları adiləşib, xüsusən, irqi ayrı-seçkikilik zəmində toqquşmalar, ölüm halları çoxalıb. Bu nə ilə bağlıdır?! Yaranmış bu vəziyyət ilk növbədə Makronun yürütdüyü siyasətlə bağlıdır. İnsanların küçələrə axışması, toqquşmalar sadəcə etiraz bildirmək deyil, hər kimsə bu hadisəni məhdud çərçivədə etiraz kimi qiymətləndirsə, yanılmış olar.

Əgər bu hadisə ilk olsaydı, onda bəlkə də etiraz demək olardı, amma bütün Fransanı az qala bürüyən bu hərəkat daha geniş anlam daşıyır. Baş verənlər xalqın Makrona etimadsızlığının göstəricisidir. Fransa vətəndaşları artıq itaətsizliyə başlayıb. Bu o deməkdir ki, Makron siyasəti ölkə daxilində də uğursuzluğa düçar olub, o, xalq arasında etimadını itirib. Baş verənlər belə bir mülahizə yürütməyə əsas verir ki, hadisələr genişlənəcək. Və bu itaətsizlik sonda Makronun siyasi sonunu gətirə bilər", - deyə deputat əlavə edib.