İndoneziyanın mərkəzi məscidində Xocalı ilə bağlı tədbir keçirilib (FOTO)

İndoneziyanın mərkəzi məscidində Xocalı ilə bağlı tədbir keçirilib (FOTO)

Dünən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi Əl-Əzhər məscidinin Buya Hamka zalında İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzini (İƏGF-ARM) təşkilatçılığı, İndoneziya Gəncləri Milli Şurası və İndoneziya İƏT Gənclər Forumunun tərəfdaşlığı və Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə Xocalı faciəsinə həsr olunmuş növbəti anım tədbiri keçirilib. Öncə Qarabağ şəhidlərinin ruhuna namaz qılınıb, onların xatirəsi üçün havaya hava şarlar buraxılıb.

Daha sonra sözügedən anım tədbirinin açılış mərasimində çıxış edən İndoneziya Əl-Əzhər Universitetinin prorektoru Ade Camal, İslam Əməkdaşlıq Gənclər Forumunun vitse-prezidenti və İndoneziyanın Milli Gənclər Şurasının sədri Tantan Tofiq Lubis çıxış edərək 1992-ci ilin fevralında erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi kütləvi qırğından, eləcə də İndoneziyanın Azərbaycanın işğal olunmuş torpaqların azad olunması üçün apardığı haqq işini müdafiə etməsindən bəhs ediblər, xüsusilə, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə yayılmasının vacibliyini qeyd ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, İndoneziyanın Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq komissiyasının sədri Fadli Zon, həmin palatanın 1-ci komissiyasının sədri Helmi Fasal Zaini, İndoneziya əl-Əzhər Universtinin professoru Hüsnan bəy Fənani, İndoneziya Məclisi Üləmanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq komitəsinin sədri Bünyan Saptomo “Xocalıya ədalət” kampaniyası əhəmiyyətindən, eləcə də Ermənistan rəhbərliyini Xocalı faciəsini tanımağa çağıran, Vyanada Srebrenisa Memorial Muzeyinin direktor müavini Amra Beqiç tərəfindən irəli sürülmüş və hal-hazırda İƏGF-ARM-nin kampaniya şəkilində həyata keçirdiyi “Xocalı: Barışıq üçün Tanı” təşəbbüsündən bəhs ediblər.

Tədbirin sonunda İndoneziya İƏT Gənclər Forumunun sədri Astrid Nadya Naqziya “Xocalıya ədalət” kampaniyası haqda təqdimatla çıxış edib, hamını onlayn kampaniyaya qoşulmağa dəvət edib.