“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 30 illiyi qeyd olunub

“Azərbaycan Ordusu” qəzetinin yaranmasının 30 illiyi qeyd olunub

Müdafiə Nazirliyinin orqanı “Azərbaycan Ordusu” qəzetinin 30 illiyinə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qəzetin yaranma ideyası və tarixi, fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verərək, qəzetin yaranma günü münasibətilə bütün əməkdaşları təbrik ediblər.

Qeyd edilib ki, 30 illiyi qeyd edilən, Azərbaycanın mətbuat məkanında hər zaman özünə layiqli yer tutan “Azərbaycan Ordusu” qəzeti, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adıyla 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb. Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada ictimaiyyətə çatdırılmasında qəzetin rolu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Ordusu” qəzeti yarandığı gündən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi "Azərbaycan Ordusu" qəzetinin də tarixində mühüm bir mərhələ olub. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərdə gündəlik səyyar qəzetlərin - "Sən qalib gələcəksən", "Qalibiyyət döyüşü" və "Qələbə uğrunda" adları altında hazırlanmasına və çap olunmasına cəlb ediliblər.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra "Azərbaycan Ordusu" qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalına və Müdafiə nazirinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına layiq görülməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda redaksiyanın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən əməkdaşları təltif olunublar.