Macarıstan məmnunluqla bu il Azərbaycan qazının ilk partiyasını qəbul edəcək - Peter Siyarto

Macarıstan məmnunluqla bu il Azərbaycan qazının ilk partiyasını qəbul edəcək - Peter Siyarto

Bakı. TurkicWorld:

Macarıstan məmnunluqla bu il Azərbaycan qazının ilk partiyasını qəbul edəcək.

TurkicWorld xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.

"Biz Avropanın mərkəzində dənizə çıxışı olmayan, neft və qaza gəldikdə əhəmiyyətli təbii ehtiyatlara malik olmayan ölkəyik, buna görə də idxaldan asılıyıq. Biz Macarıstana qaz tədarükünün başlanması ilə bağlı Azərbaycanla danışıqları uğurla başa çatdırmışıq. İldə bir və ya iki milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilənin bağlanması ilə əlaqədar bizim ümumi siyasi baxışımız var. Amma biz hazırda Avropanın cənub-şərq hissəsində infrastruktur olmadığından belə bir müqaviləni həyata keçirə bilmirik. Hamı başa düşməlidir ki, enerji təchizatı probleminin siyasətlə, ideologiya ilə heç bir əlaqəsi yoxdur. Bu, fiziki reallıq məsələsidir və qazı bel çantasında deyil, boru kəməri ilə çatdırmaq mümkün olduğuna görə, infrastruktur coğrafi mövqedən asılı olaraq ölkələrin imkanlarını müəyyən edir", - deyə XİN rəhbəri bildirib.

Nazir ümidvar olduğunu bildirib ki, rumın, bolqar, türk və serb dostları, eləcə də Yunanıstan və Slovakiya ilə birlikdə ölkənin alternativ enerji təchizatı mənbələrinə çıxış əldə etməsi üçün regional enerji infrastrukturunu modernləşdirmək mümkün olacaq.

"Beləliklə, biz məmnunluqla bu il Azərbaycan qazının ilk partiyasını qəbul edəcəyik", - deyə Peter Siyarto əlavə edib.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqlinə başlayıb. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir, onun 20 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.