Azərbaycanda təbii qaz hasilatının artması neft istehsalındakı azalmanı kompensasiya edəcək - BVF

Azərbaycanda təbii qaz hasilatının artması neft istehsalındakı azalmanı kompensasiya edəcək - BVF

Azərbaycanda karbohidrogen hasilatının stabil qalacağı gözlənilir, belə ki, təbii qaz hasilatının artması köhnəlməkdə olan neft yataqlarında məhsuldarlığın azalmasını kompensasiya edəcək.

TurkicWorld bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

"2021-ci ilin yekunlarına əsasən, Azərbaycanın qeyri-neft ümumi daxili məhsulunun artımım 3,5 faizə çatması proqnozlaşdırılır. Bu ilin yekununda Azərbaycanda inflyasiyanın dörd faizədək artması gözlənilir, ortamüddəti perspektivdə isə üç faiz səviyyəsində qalacaq. Proqnozlara əsasən, 2021-ci ildə neft qiymətlərinin bərpası ilə əlaqədar cari hesab ÜDM-i 2,5 faizi həcmində müsbət saldoya qayıdacaq", - hesabatda deyilir.

BVF ekspertləri qeyd edib ki, koronavirusun daha təhlükəli ştammlarının yayılması və/və ya vaksinasiya tempinin azalması Azərbaycan iqtisadiyyatının bərpasını yavaşlada bilər.

"Dünyada neft tələbatının gözləniləndən daha yavaş bərpası da neft sektoru üçün təhdid yaradır. Digər tərəfdən isə dünya iqtisadiyyatının gözləniləndən daha sürətli bərpası neft və qaz qiymətlərinin, gəlirlərin artmasına, fiskal və xarici balansın möhkəmlənməsinə gətirib çıxara bilər", - hesabatda deyilir.