Heydər Əliyev özünün geniş iqtisadi bilik və təcrübəsinə əsasən Azərbaycanın iqtisadi inkişaf yolunu müəyyən edib - Mikayıl Cabbarov

Heydər Əliyev özünün geniş iqtisadi bilik və təcrübəsinə əsasən Azərbaycanın iqtisadi inkişaf yolunu müəyyən edib - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

Ulu Öndər Heydər Əliyevin strateji qərarları sayəsində Azərbaycanda davamlı inkişaf edən iqtisadiyyat formalaşıb.

TurkicWorld cümə axşamı xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbirdə deyib.

Nazir qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və banisi Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin qorunması və ölkənin siyasi tarixində yeni mərhələnin açılması olub.

"Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi Heydər Əliyev Azərbaycan tarixində ən mühüm yer tutan böyük şəxsiyyətlərdən biridir. Hamımız müasir Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi inkişafında onun misilsiz xidmətlərini dərin minnətdarlıqla qeyd edirik. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunandan ölkəmizin tərəqqi və çiçəklənmə yolu başlayıb. 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf edərək Sovet İttifaqının aparıcı respublikalarından birinə çevrilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü formalaşmış vəziyyəti daha da mürəkkəbləşdirdi. Məhz ölkəni həmin dövrdə bəlalardan xilas edən Heydər Əliyevin liderlik məharəti, onun strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və firavan, azad cəmiyyət formalaşdı", - o deyib.

İqtisadiyyat naziri qeyd edib ki, Heydər Əliyev özünün geniş iqtisadi bilik və təcrübəsinə əsasən Azərbaycanın iqtisadi inkişaf yolunu müəyyən edib.

"Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatının prinsipləri - fərdi mülkiyyət, azad sahibkarlıq, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçilib. "Əsrin Müqaviləsi"nin imzalanması isə Azərbaycan iqtisadiyyatında köklü dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurlu icrası ölkəmizin gələcək davamlı inkişafının təməlini qoydu", - o deyib.