Mart ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb

Mart ayında Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2023-cü ilin mart ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 33 faiz artaraq, 2 milyon 799 min 398 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 6 faiz artaraq 1 milyon 244 min 79 nəfər, beynəlxalq reyslər üzrə isə 68 faiz artaraq 1 milyon 555 min 319 nəfər təşkil edib.

Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 33 min 397 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 11 min 810 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 52 faiz artaraq, 21 min 587 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq, 22 min 760 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq 10 min 951, beynəlxalq reyslər üzrə isə 59 faiz artaraq 11 min 809 olub.

2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.