"AzerGold" Kəlbəcərin "Tutxun" yatağında mərhələli axtarış işləri aparır

"AzerGold" Kəlbəcərin "Tutxun" yatağında mərhələli axtarış işləri aparır

“AzerGold” QSC tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından müvafiq işlərə başlanılıb.

TurkicWorld-un məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə təqribən 300 kvadratkilometlik ərazidə yerləşən "Tutxun" yataqlar qrupu və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə müvafiq prosedurlar icra edilib.

“Yataq üzrə tədqiqat işləri davam etdirilir. Eyni zamanda, süni peyklərdən hiperspektral görüntülərin alınması, onların işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülməkdədir", - deyə o bildirib.

Sədr əlavə edib ki, "Tutxun" yataqlar qrupu və cinah sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.