Azərbaycan Orta Dəhliz sayəsində Özbəkistan üçün tranzit qovşağına çevrilir - Səfir

Azərbaycan Orta Dəhliz sayəsində Özbəkistan üçün tranzit qovşağına çevrilir - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) sayəsində Özbəkistan üçün tranzit qovşağına çevrilir.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistanın ABŞ-dəki səfiri Furkat Sidikov Xəzər Siyasət Mərkəzinin (CPC) Vaşinqtonda keçirilən tədbirində deyib.

"ABŞ tərəfindən dəstəklənən Orta Dəhliz layihəsi Özbəkistanı öz növbəsində bizim üçün nəqliyyat qovşağına çevriləcək Azərbaycana çıxış imkanı ilə təmin edir", - deyə o bildirib.

Səfirin sözlərinə görə, Mərkəzi Asiya Avrasiya və Cənubi Asiyanı birləşdirən körpü rolunu oynaya, həmçinin 3 milyarddan çox əhaliyə malik bazarı ilə öyünə bilər ki, bu da ABŞ üçün maraqlı ola bilər.

"Hazırda tədarük marşrutlarında və iqtisadi strukturlarda mühüm dəyişikliklər dövrü yaşayırıq. ABŞ şirkətləri üçün hazırda yeni bazarlara çıxış imkanı lazımdır və Mərkəzi Asiya bu ehtiyacı qarşılamaq üçün potensiala malikdir", - deyə F.Sidikov əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.