Azərbaycan və Pakistan arasında ticarətin həcmi həqiqi potensialına çatdırılmalıdır - Nazir

Azərbaycan və Pakistan arasında ticarətin həcmi həqiqi potensialına çatdırılmalıdır - Nazir

Bakı. TurkicWorld:

Azərbaycan və Pakistan arasında ikitərəfli ticarət həqiqi potensialına qədər genişləndirilməlidir.

TurkicWorld Pakistanın Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın federal ticarət naziri Camal Kamal Xan Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə deyib.

"Pakistan və Azərbaycan arasında tarixi, siyasi və iqtisadi əlaqələrdən danışan nazir Camal Kamal ikitərəfli ticarətin ticarətlə əlaqəli məsələləri həll etmək yolu ilə həqiqi potensialına çatdırmağın əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycana ixrac 2021-2022-ci illərdəki 9,70 milyon ABŞ dollarından 2022-2023-cü illərdə 12,08 milyon dollara çatıb. Həmçinin idxalda ilk növbədə gübrələrinn hesabına əhəmiyyətli artım müşahidə olunub", - deyə nazirliyin məlumatında deyilir.

Qeyd olunub ki, hər iki ölkə Preferensial Ticarət Sazişi üzrə aktiv şəkildə danışıqlar aparırlar və saziş üzrə layihələr artıq işlənilib hazırlanıb.

Xəzər Fərhadov öz növbəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafı üçün yüksək səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.

Səfir Azərbaycandan Pakistana maye təbii qaz (MTQ) tədarükünün bərpasını və xüsusən energetika və informasiya texnologiyaları sahəsində potensial qarşılıqlı investisiyaları vurğulayıb.

"Diqqətəlayiq faktdır ki, Azərbaycan Pakistandan idxal olunan düyünü 2027-ci ilədək idxal gömrük rüsumundan azad edib ki, bu da xoş məram jestidir. Nazir Camal Kamal Pakistanın kommersiya və iqtisadi əlaqələrin möhkəmlənməsinə sadiqliyini təsdiqləyərək, ticarətin həciminin artırılması və biznes üçün yeni imkanların yaradılması üçün insanlar arasında təmasların və Preferensial Ticarət Sazişinin imzalanmasının əhəmiyyətini vurğulayıb", - deyə nazirlikdən bildiriblər.