Orta Dəhlizin tam istismarı Çin-Azərbaycan ticarətinin gələcək inkişafını təmin edəcək - Hikmət Hacıyev

Orta Dəhlizin tam istismarı Çin-Azərbaycan ticarətinin gələcək inkişafını təmin edəcək - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Orta Dəhlizin tam istismarı Çin-Azərbaycan ticarətinin gələcək inkişafını təmin edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Global Television Network"a (CGTN) müsahibəsində deyib.

"İki ölkə arasında iqtisadi və ticari münasibətlər inkişaf edir. Əlaqələndirici komponent də ticari-iqtisadi münasibətlərdə həlledici əhəmiyyət kəsb edir. Orta Dəhlizin tam istismara verilməsi ilə Çin və Azərbaycan arasında ticari münasibətlər inkişaf etməyə davam edəcək", - o deyib.

H.Hacıyev bildirib ki, əsas çağırışlardan birinin Orta Dəhlizin müxtəlif ölkələrin ərazisindən keçməsidir.

"Biz burada qazaxıstanlı dostlarımızla həqiqətən çox səylə və sıx çalışırıq. Müxtəlif ölkələrin ərazilərindən keçən bu cür layihədə "bir pəncərə" imkanı xüsusən öz yük daşımalarını Avropa bazarına yönləndirmək istəyən Çin şirkətləri üçün həlledici əhəmiyyət kəsb edir. Biz artıq Qazaxıstan və Gürcüstanla çalışırıq və çinli dostlarımızı da buraya cəlb etmək istərdik", - deyə o qeyd edib.

Prezidentin köməkçisi gömrük qaydalarının sadələşdirilməsi və standartlaşdırılmasının da vacib olduğunu əlavə edib.

"Biz həmçinin, bu yaxında Çin və Qazaxıstan arasında imzalanmış Orta Dəhliz haqqında sazişi nəzərə almışıq. Biz də bu cür saziş imzalamaq barədə düşünürük. Ola bilsin ki, Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli saziş imzalaya bilərik. "Çin + Mərkəzi Asiya və Çin+ Mərkəzi Asiya + Azərbaycan" konsepsiyasının inkişafını da səbirsizliklə gözləyirik", - o deyib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.