Oktyabr ayında Antalya Beynəlxalq Hava Limanından 30 milyondan çox sərnişin istifadə edib (ÖZƏL)

Oktyabr ayında Antalya Beynəlxalq Hava Limanından 30 milyondan çox sərnişin istifadə edib (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin oktyabr ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 15 faiz artaraq, 33 milyon 20 min 334 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 5 milyon 354 min 672 nəfər, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 27 milyon 665 min 66 nəfər təşkil edib.

Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 409 min 259 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 52 min 210 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 357 min 49 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 206 min 755 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz dəyişərək 38 min 610, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 168 min 145 olub.

2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

X: Lamanasadli01