Orta Dəhliz təkcə tranzit marşrutu kimi işləməməlidir - Avropa Komissiyası

Orta Dəhliz təkcə tranzit marşrutu kimi işləməməlidir - Avropa Komissiyası

Bakı. TurkicWorld:

Orta Dəhliz təkcə tranzit marşrutu kimi işləməməlidir.

Bu barədə TurkicWorld-ə Avropa Komissiyasından bildirilib.

"Aİ-nin nəqliyyat infrastrukturunun təşviqi və inkişafına yanaşmasına uyğun olaraq, Orta Dəhlizin bütün ölkələri arasında regional əməkdaşlıq, xüsusən də bütün Mərkəzi Asiya regionunun davamlı iqtisadi inkişafına dəstək vermək və dəhlizin sadəcə tranzit marşrutu kimi fəaliyyət göstərməməsini təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə Avropa Komissiyasından bildirilib.

Qeyd edilib ki, bu məsələ ötən il dördtərəfli birgə müəssisənin yaradılması və Aktauda (Qazaxıstan) "İnvestisiya Yol Xəritəsinin" təsdiqi zamanı müzakirə edilib.

"Ukraynada müharibə başlayandan Avropa ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat dəhlizlərinin geosiyasi əhəmiyyəti və potensialı xeyli artıb. Rusiya ərazisindən keçən Şimal Dəhlizi üzrə trafikin azalması nəticəsində Qazaxıstan, Xəzər dənizi və Qafqazdan keçən Orta Dəhliz 2022-ci ildə 2021-ci illə müqayisədə 2,5 dəfə çox yük ötürməklə əlavə həcmlər cəlb edib. Qırğızıstan, Özbəkistan və Türkmənistanın iştirakı ilə regionda digər nəqliyyat əlaqələrinin də planlaşdırılmasına böyük maraq var", - deyə Avropa Komissiyasından əlavə ediblər.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu ilə yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərinin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətə yükdaşımaların artmasına töhfə verir.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.