Bakı, TurkicWorld
Suriya prezidenti Əhməd Şəra, paytaxt Dəməşqdə keçirilən Milli Dialoq Konfransında ölkənin gələcəyi ilə bağlı vacib açıqlamalar verib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki ,o, keçid dövründə ədalət komissiyasının yaradılacağını və silahların yalnız dövlətin nəzarətində olmasının vacibliyini vurğulayıb.
“Xalqımızın hüquqlarını bərpa etmək və ədaləti təmin etmək üçün keçid dövrü ədliyyə orqanının yaradılması üçün çalışacağıq.” - deyə o bildirib.
O, son iki ay ərzində suriyalılara qarşı cinayət törədənlərin aşkar edilməsi üçün tədbirlərin görüldüyünü vurğulayıb.
“Silahların birliyi və onların dövlət monopoliyasında olması lüks deyil, vəzifə və öhdəlikdir.” - deyə Prezident Şəra silahların yalnız dövlətin nəzarətində olması gərəkdiyini xüsusi qeyd edib.
Bu bəyanat, ölkədə müxtəlif silahlı qrupların fəaliyyət göstərdiyi və onların tərksilah edilməsi ilə bağlı məsələlərin gündəmdə olduğu bir vaxtda verilib.
Prezident ölkənin parçalanmasına qarşı olduğunu bildirərək, bütün suriyalıları birliyə və həmrəyliyə çağıraraq, əlavə edib ki, bu, xalq üçün tarixi bir fürsətdir və ölkənin gələcəyi üçün ən yaxşı şəkildə istifadə olunmalıdır.
Sonda, Prezident Şəra Suriya xalqının nailiyyətlərini sarsıtmaq istəyənlərin mövcud olduğunu bildirib və bu qüvvələrə qarşı qətiyyətli mübarizə aparacaqlarını vurğulayıb.






