...

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Video xəbər Digər xəbərlər 25 Fevral 2023 12:45
TurkicWorld Sabir Alizade
Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Bakı. TurkicWorld:

Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

TurkicWorld xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə səfir Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov çıxış edərək Ermənistanın ölkəmizə qarşı başladığı silahlı münaqişənin ən qanlı səhifəsini 31 il əvvəl Xocalı şəhərində törədilən soyqırımının təşkil etdiyini bildiriblər. Çıxışçılar bölgədə strateji məntəqə olan Xocalının ermənilər tərəfindən blokadaya alınmasından, soyuq qış gecəsində erməni silahlılarının mülki əhaliyə hücum edərək 613 qadını, uşağı və ahıl insanı vəhşicəsinə qətlə yetirməsindən danışıblar. Dinc sakinlərin girov götürüldüyü, yüzlərlə insandan bu günədək hələ də xəbər olmadığı qeyd edilib.

Səfir Leyla Abdullayeva XX əsrin faciəsi olan Xocalı soyqırımı ilə beynəlxalq və humanitar hüququn müddəalarının kobud şəkildə pozulduğunu bildirərək, dünya mediasında dərc olunan və Xocalı soyqırımında erməni vəhşiliyini aydın şəkildə əks etdirən məqalələrdən sitatlar gətirib. Bildirib ki, Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyan "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik" deməklə britaniyalı jurnalistə qanlı hadisənin təşkilatçılarından olduğunu etiraf edib. O, Xocalı soyqırımını Fransanın Oradur-sür-Qlan "şəhid qəsəbə"si ilə müqayisə edərək, bu soyqırımının bəşər tarixinin ən dəhşətli faciələrindən biri kimi yaddaşlardan heç vaxt silinməyəcəyini deyib.

Diplomat qeyd edib ki, Xocalının harayı bütün dünyada eşidilməlidir. Məhz buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına start verilib və bu kampaniya sayəsində dünyanın 17 ölkəsinin parlamenti, ABŞ-nin 30 ştatı və 2 beynəlxalq təşkilat tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb.

"Ümid edirəm ki, Fransanın hakimiyyət dairələri də ermənilərin mülki insanlara qarşı törətdikləri bu qətliamı tanıyacaq. Cinayətkar cəzalanmadan ədalət bərpa oluna bilməz. Biz intiqam yox, ədalət tələb edirik", - deyə L.Abdullayeva vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistanın azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməsinin fakt və dəlillərlə sübuta yetirilməsindən danışıb. O, Xocalı soyqırımının tanınması istiqamətində atılan addımlardan, Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalının mülki əhalisinin qətliamını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər" kimi qiymətləndirməsindən söz açıb.

S.Məmmədov bu faciənin dünya miqyasında tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyasının xüsusi rolundan, kampaniyanın strateji məqsədlərindən danışıb. Diqqətə çatdırıb ki, Xocalı Azərbaycan xalqının şəhidlik tarixində misilsiz bir səhifə, eyni zamanda, ümumbəşəri cinayət olaraq hər zaman təbliğ ediləcək və öyrəniləcək.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev erməni silahlılarının Xocalıda insanları məhz azərbaycanlı olduqları üçün qətlə yetirdiklərini diqqətə çatdıraraq, nifrət və ayrı-seçkilikdən uzaq gələcək qurmağın hər kəsin mənəvi borcu olduğunu deyib. Xocalının ölkəmizin tarixində dərin izindən danışan E.Abdullayev bildirib ki, Xocalı qatilləri ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Azərbaycanın bütün sahələrdə dinamik inkişafına, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə layiqli töhfə verən Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı fotomateriallardan ibarət sərgisi erməni qəsbkarlarının insanlığa sığmayan qətllərini tədbir iştirakçılarına əyani olaraq çatdırıb.

Tədbir Xocalı qurbanlarının xatirəsinə həsr olunan konsert proqramı ilə davam edib. Konsertdə Əməkdar artist, tarzən Sahib Paşazadə, azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, fransız bəstəkar Pyer Tiluanın musiqi qrupu Fikrət Əmirovun, Qara Qarayevin, Xəyyam Mirzəzadə və xarici bəstəkarların əsərlərindən nümunələr səsləndiriblər.

Konsertdə fransız bəstəkar Pyer Tiluanın Xocalı soyqırımına həsr etdiyi "Xocalı 613" kompozisiyası da ifa edilib.

Anım mərasimində Fransada akkreditə olunmuş səfirlər, UNESCO yanında daimi nümayəndələr, Türkiyənin Fransadakı səfiri Ali Onaner, qardaş ölkənin UNESCO yanında daimi nümayəndəsi Gülnur Aybet, diplomatlar, yerli ictimaiyyətin, eləcə də Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti