MÜSİAD və bir çox Türk iş qurumları zəlzələ bölgəsinə yardımlar göndərməyə davam edir

MÜSİAD və bir çox Türk iş qurumları zəlzələ bölgəsinə yardımlar göndərməyə davam edir

Bakı. TurkicWorld:

Türkiyədə baş verən şiddətli zəlzələlərdən sonra eyni zamanda güclü qar və şaxtalı soyuqlar səbəbindən də ölənlərin sayı sürətlə artır.

TurkicWorld-un məlumatına görə, Türkiyənin cənub-şərq bölgəsində baş verən zəlzələlərdən sonra bölgədə hökm sürməyə davam edən şiddətli qış şəraiti axtarış-xilasetmə işlərinə mənfi təsir göstərir.

Son açıqlamalara görə, bölgədə ölənlərin sayı 12 mini, yaralıananların sayı isə 63 mini keçib.

Qeyd edək ki, ölənlərin sayı yalnız şəxsiyyəti müəyyən edilən insanların sayıdır.

Vəfat edən şəxslərin arasında çox sayıda şəxsiyyəti naməlum olanvətəndaşlarda var.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkən Adana, Adıyaman, Kahramanmaraş, Osmaniye, Qaziantep, Hatay, Kilis, Malatya, Diyarbəkir və Şanlıurfada 3 aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

“10 vilayətdə baş verən zəlzələ yalnız Türkiyə üçün deyil, dünya üçün də ən böyük fəlakətlərdən biridir.” – deyə Ərdoğan bildirib.

Məlumata görə, Türkiyədə zəlzələdən zərər çəkən bölgələr arasında Kahramanmaraş və Hatay ən çox zərər görən bölgələrdir.

Türkiyə Superliqa komandalarından “Hatayspor” və “Adanadamir Spor”, Türkiyə 1-ci liqa komandalarından “Yeni Malatyaspor” və Türkiyə 2-ci liqa komandalarından “İskenderunspor” zəlzələdən ən çox zərər çəkən klublar olub.

Ölkənin aparıcı idman klublarıda “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” fəlakət bölgəsinə hərtərəfli yardım üçün əllərindən gələnləri edirlər.

Digər tərəfdən türk iş dünyası bölgəyə yardım çatdırmaq üçün səfərbər olub.

Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD), Türkiyə Sənayeçi və İşadamları Dərnəyi (TÜSİAD), Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) başda olmaqla bir çox türk iş qurumları bölgəyə təcili yardım materialları və tikinti texnikası göndərib.

Bununla yanaşı, Bayraktar pilotsuz təyyarələrinin yaradıcısı Baykar Teknoloji 2 gün ərzində bölgəyə təxminən 120 milyon TL dəyərində təchizat göndərib.

Bölgədəki yardımlar AFAD koordinasiyasında zəlzələdən zərər çəkmiş vətəndaşlara və axtarış-xilasetmə işlərinə yönəldilir.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələri bütün birlikləri ilə fəlakət bölgəsində aparılan işlərə dəstək verir.

Qeyd edək ki, ölkəyə beynəlxalq yardımlar hələdə davam edir.

Başda Azərbaycan olmaqla, Bolqarıstan, Yunanıstan, Gürcüstan, İraq, İran, İsrail, Qətər, Misir, Rumıniya, Böyük Britaniya, Hindistan, Pakistan, Tayvan, Yaponiya, ABŞ, Çin, Rusiya, Ukrayna, İsveçrə, Meksika və Malayziyadan axtarış-xilasetmə komandaları işlərə dəstək vermək üçün Türkiyəyə gəliblər.

Bununla yanaşı beynəlxalq təşkilatlar, xüsusilə BMT, NATO, Avropa Birliyi və Türk Dövlətləri Təşkilatı da yardım səylərinə böyük töhfə verirlər.

Son olaraq qeyd edək ki, İspaniya və İtaliya donanmasına aid gəmilər də kömək üçün Hatay İskəndərun limanına yola düşüb.