Böyük fəlakətdə Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan oldu: Yerli media azərbaycanlı xilasedicilər barədə (FOTO)

Böyük fəlakətdə Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan oldu: Yerli media azərbaycanlı xilasedicilər barədə (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan Kahramanmaraşda baş verən zəlzələ fəlakətində Türkiyəyə yardım edən ilk ölkə olub.

TurkicWorld-un məlumatına görə bu barədə "DHA" da dərc edilən məqalədə qeyd edilib ki, Türkiyəni yasa boğan Kahramanmaraş zəlzələlərindən sonra bir çox ölkə yardım etmək istəyib. Böyük fəlakətdə Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan oldu.

"Ölən və yaralananların sayının hər saat artdığı fəlakətin ilk günündə Azərbaycandan yola çıxan axtarış-xilasetmə qrupu zəlzələ bölgəsində iştirak edib. Zəlzələnin episentri olan Kahramanmaraşda 120 nəfər, digər vilayətlərdə isə 250 nəfər çalışır. 10, 15, 20 nəfərlik qruplar şəklində tam təchiz olunmuş peşəkar komandalar zəlzələ bölgəsində dağılmış binalarda insanların həyatını xilas etmək üçün böyük səy göstərirlər. Heyət saatlarla davam edən işdən sonra bəzi zəlzələ qurbanlarını çoxlu dağıntılardan xilas edə bilib. Ekipajlar dağıntılar altından meyitlərin çıxarılmasına da kömək ediblər", - deyə məqalədə qeyd olunub.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.