Zəlzələ bölgəsi olan Kilistə dağıntılar altında qalanlar tam çıxarılıb

Zəlzələ bölgəsi olan Kilistə dağıntılar altında qalanlar tam çıxarılıb

Bakı. TurkicWorld:

Hazırda Türkiyənin Kilis rayonunda axtarma fəaliyyətləri başa çatıb. Dağıntılar altında heç bir vətəndaş qalmayıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Mehmut Muş bildirib.

O qeyd edib ki, Kilisdə 22 nəfər həyatını itirb, 466 yaralı var.

"Hazırda onlardan 14-ü reanimasiyadadır. Qalan vətəndaşlar isə evə buraxılıblar. Müvafiq bölmələr tərəfindən 138 binaya ciddi ziyan dəydiyi, 119 binanın dağıldığı, 20 binaya isə yüngül ziyan dəydiyi müəyyən edilib. Dağıntılar altında vətəndaş yoxdur.

Kilis hazırda zərər təsbiti üzərində işləyir və burada həyat yavaş-yavaş normallaşmağa başlayacaq", - deyə bildirilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.