Son dəqiqə

Balıkesir Universiteti

Balıkesir Universiteti Zəlzələ Araşdırmaları Mərkəzi Türkiyədəki zəlzələlərlə bağlı açıqlama verib

Bakı. TurkicWorld:

Balıkesir Universiteti Zəlzələ Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi Müdirliyi, 6 Fevral 2023-cü ildə Kahramanmaraş Pazarcıkda 7,7, Elbistanda 7,6 bal gücündə zəlzələlərlə bağlı ilkin araşdırmalardan sonra ictimaiyyət üçün məlumat qeydini paylaşıb.

Mərkəzin direktoru Prof. Dr. İbrahim Türkmen 7,7 bal gücündə olan ilk zəlzələnin ötən 100 ildə Türkiyədə baş verən ikinci ən böyük zəlzələ olduğunu ifadə edərək, Kahramanmaraş bölgəsində zəlzələləri meydana gətirən qırıqların yerini, xüsusiyyətlərini və əlaqələrini ortaya çıxarmaq üçün ətraflı araşdırmaların aparılmasının lazım olduğunu bildirib.

“Məlumdur ki, 06.02.2023-cü il bazar ertəsi, saat 04:17-də ‘Şərqi Anadolu Fay Zonası’-nın Pazarcık bölgəsində 7,7 bal gücündə zəlzələ baş vermiş və çoxlu sayda can və mal itkisinə səbəb olmuşdur. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis və Malatya vilayətlərinə təsir edən sözügedən zəlzələnin artçı təkanları davam edərkən, eyni gün saat 13.24-də daha şimalda 7,6 bal gücündə ikinci zəlzələ baş verib. Bu zəlzələlərin afterşoklarının uzun müddət davam edəcəyi təxmin edilir.

Əvvəlki qeydlər araşdırıldığında, 7,7 bal gücündə Pazarcık mərkəzli zəlzələ, 100 il ərzində Türkiyədə baş verən ikinci ən böyük zəlzələdir. Bunlardan birincisi 27.12.1939-cu ildə Ərzincanda baş vermiş 7,9 bal gücündə zəlzələdir. Mərmərə bölgəsinə təsir edən 17.08.1999 Gölcük zəlzələsinin maqnitudası 7,4 olaraq təyin olunub. Kahramanmaraş bölgəsində bu zəlzələləri meydana gətirən qırıqların yerini, xüsusiyyətlərini və əsas qırılma zonası ilə əlaqələrini ortaya çıxarmaq üçün ətraflı araşdırmalar aparılmalıdır. Bölgəyə təsir edən yüksək bal gücündə zəlzələlərin artçı təkanlarının da yüksək olması halında zədələnmiş binalara girməmək üçün lazımi həssaslığın göstərilməsi böyük əhəmiyyət kəsb edir. 06.02.2023-cü il tarixli Kahramanmaraş zəlzələlərinin Ege və Mərmərə bölgələrində aktiv qırılmaları işə salması və zəlzələyə səbəb olması halı isə gözlənilmir.” – deyə Balıkesir Universiteti Zəlzələ Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinin 07.02.2023 tarixli məlumat qeydində bildirilib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.

Mövzuya görə xəbərlər