Türkiyədə zəlzələ bölgəsinə 12 minə yaxın könüllü gedib

Türkiyədə zəlzələ bölgəsinə 12 minə yaxın könüllü gedib

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) zəlzələ bölgəsinə 80 reys ilə 11 780 könüllü vətəndaş daşıyıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi sosial media hesabında bildirib.

"AFAD-ın dəvəti ilə zəlzələ bölgəsinə getmək üçün hava limanlarımıza gələn 11 min 780 könüllü vətəndaşımız bu gün səhər saat 07:00-a qədər ümumilikdə 80 reyslə Adana, Qaziantep, Adıyaman və Urfaya aparılıb. Zəlzələ bölgəsinə peşəkar axtarış-xilasetmə qrupları və ləvazimatları göndərmək üçün bütün gücümüzlə İstanbul, İzmir və Ankara hava limanlarından uçuşlarımızı davam etdiririk. Bu gün zəlzələ bölgəsində uçuşlarımız davam edəcək", - deyə qeyd edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.