Türkiyədə zəlzələ bölgələrinə 25 minə yaxın xilasedici cəlb edilib

Türkiyədə zəlzələ bölgələrinə 25 minə yaxın xilasedici cəlb edilib

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ olan bölgələrdə 24 min 443 şəxsi heyət cəlb edilib.

TurkicWorld-in məlumatına görə, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.

"Çox müxtəlif qurumlardan axtarış-xilasetmə qrupları cəlb edilib, könüllülər var. Axtarış-xilasetmə qrupları mütəmadi olaraq bölgəyə göndərilir", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.