Türkiyə səfirliyində "Türk mətbəxi həftəsi" çərçivəsində tədbir keçirilib

Türkiyə səfirliyində "Türk mətbəxi həftəsi" çərçivəsində tədbir keçirilib

Bakı, TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə təşkil olunan və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 21-27 may tarixlərində bütün dünyada qeyd edilən "Türk mətbəxi həftəsi" çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının xanımı Leyla Bağcının ev sahibliyində keçirilən tədbirdə Azərbaycandakı diplomatik təmsilçilik rəhbərlərinin xanımları iştirak edib.

Tədbirdə qonaqlara Hatay mətbəxindən bibərli çörək, təpsi kababı, badımcan kababı, humus və künəfə kimi yemək və təamlar təqdim edilib.

Məlumata əsasən, Hatayın tarixi, mədəniyyəti və ənənəvi yemək mədəniyyəti haqqında qonaqlara məlumat verən xanım Leyla Bağcı yeməklərin hazırlanması zamanı Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsində həyata keçirilən “Sıfır Tullantı Layihəsi”ni tətbiq etdiklərini, bu layihəni bundan sonra evlərində və özəl işlərində həyata keçirəcəklərini qeyd edib.

Bundan əlavə, L.Bağcı tədbirdə fevralın 6-da Türkiyənin böyük zəlzələ fəlakəti ilə üzləşdiyini xatırladıb.

"Hatay bölgəsi də bu böyük dağıntıları yaşayan bölgələrimizdən biridir və biz də bugün "Türk mətbəxi həftəsin"də Hatay mətbəxini nümayiş etdirmək istədik. Mədəniyyətlər şəhəri, qədim Hatay mətbəxinin xüsusi, gözəl və ləziz yeməklərini qonaqlarımıza təqdim etdik. İnşallah ölkəmiz bu zəlzələnin sıxıntılarını ən qısa zamanda aradan qaldıracaq və yenidən dimdik ayağa qalxacaqdır", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.