TOGG-un sınaq istehsalı üçün hazırlıqlar başlayıb

TOGG-un sınaq istehsalı üçün hazırlıqlar başlayıb

Bakı. TurkicWorld:

Türkiyənin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş. (TOGG) Gemlik Müəssisəsində sınaq istehsalı üçün hazırlıqlar başlayıb. TurkicWorld-un məlumatına görə, təməli 18 iyul 2020-ci ildə qoyulan müəssisədə ilk kütləvi istehsal vasitələrinin bu ilin son rübündə satışdan çıxarılması planlaşdırılır.

Korpus, boya və yığma stansiyalarında qismən məşqlərin aparıldığı müəssisədə sınaq istehsalına hazırlıq hələ də davam edir.

Məlumata görə, stil dizayn mərkəzi, prototip inkişaf və test mərkəzi, idarəetmə mərkəzi və istifadəçi təcrübəsi parkı bölmələrinin də yerləşəcəyi obyekt bu ilin son rübündə kütləvi istehsala hazır olacaq.

TOGG-un Avropa normaları üzrə texniki sınaqları başa çatdıqdan sonra C seqmentli elektrik avtomobili 2023-cü ilin birinci rübünün sonunda satışa çıxarılacaq.

Daha sonra isə C seqmentində Sedan və Hetçbek modellərinin istehsalına başlanılacaq.

Qeyd edək ki, TOGG 2030-cu ilə qədər 5 fərqli modelin tək platformadan istehsalı ilə ümumilikdə 1 milyon avtomobil istehsal etməyi planlaşdırır.