Beynəlxalq səyahətçilər Şuşa şəhərində piyada gəzintiyə çıxdılar

Beynəlxalq səyahətçilər Şuşa şəhərində piyada gəzintiyə çıxdılar

Şuşa. TurkicWorld:

30 nəfər beynəlxalq səyahətçidən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində piyada gəzintiyə çıxdı.

TurkicWorld-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, səyahətçilər Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvlərinin nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, məşhur Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu şəhərin mərkəzi meydanında şəkillər çəkdiriblər.

Səyahətçilərə işğalçıların Azərbaycanın mədəni irs abidələrinə qarşı barbar münasibətlərindən bəhs olunub.

Daha sonra beynəlxalq səyahətçilər otuz illik işğal müddətində erməni vandalizminə məruz qalmış digər mədəni abidələr və binalarla, həmçinin şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.