Dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulması yolverilməzdir - Kövsər Tağıyev

Dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulması yolverilməzdir - Kövsər Tağıyev

BAKI. TurkicWorld

Dini dəyərlərlə milli dəyərlərin qarşı-qarşıya qoyulması yolverilməzdir. Bu barədə TurkicWorld-a tanınmış dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev deyib.

O qeyd edib ki , dini və milli dəyərlər bir-birini dəstəklədiyirsə, deməli yanaşma düzgündür. “Əgər dini və milli dəyərlərdən biri digərinə qurban edilirsə və ya qarşı-qarşıya gətirilirsə deməli yanaşma problemlidir”- deyə o qeyd edib.

K. Tağıyev onu da qeyd edib ki , insanın doğulub böyüdüyü yeri sevməsi ümumbəşəri bir duyğudur və dünyanın harasında olursa olsun, insanlar doğulduqları və yaşadıqları evi, kəndi, qəsəbəni, şəhəri və ya ölkəni əziz və doğma hesab edir.
Onun fikrincə insanın kimliyini və mənsubiyyətini təyin edən ən əsas faktorlardan biridir.

“Başqa bir ifadə ilə biz bu duyğunu vətən sevgisi də adlandırırıq. Bu o qədər təsirli və qüvvətli bir duyğudur ki, böyük kütlələri hərəkətə keçirmə, insanları bir amal ətrafında birləşdirə bilmə potensialı daşıyır. Yalnız milli kimliyinə və milli mənsubiyyətinə yabançılaşan kimsələrdə bu duyğunun zəiflədiyini müşahidə etmək olar. Sözsüz ki, İslam dininin təlim etdiyi dəyərlərin böyük əksəriyyəti insanların təbii qəbulları ilə paralellik ərz edir. Dinin başlıca prinsiplərinə zidd olmadığı müddətçə bu kimi dəyərlər məqbul hesab olunur və təşviq edilir. Dinin başlıca mənbələri olan Quranda və Məhəmməd Peyğəmbərin hədislərində bunun əlamətlərini görmək mümkündür”-deyə o bildirib.

Quranda yurd sevgisi, yurda bağlılıq, insanların öz yurdlarından çıxarılmasının bir müsibət olaraq dəyərləndirilməsi kimi məqamlara işarə edən ifadələr yer aldığını vurğulayan K. Tağıyev qeyd edib ki, Peyğəmbərin hədislərində yurda bağlılıq, yurd sevgisi mövzuları daha bariz şəkildə öz əksini tapır.
“Məlum olduğu kimi Məhəmməd Peyğəmbər Məkkədə dünyaya gəlib. İslamı təbliğə başladıqdan bir müddət sonra məkkəli bütpərəstlər tərəfindən bu şəhəri tərk etməyə məcbur edilir. Şəhəri tərk etməzdən əvvəl Məkkəyə xitabən dediyi bu sözlər bu baxımdan çox əlamətdardır: Ey Məkkə, Allahın yaratdığı yerlər arasında ən çox sevdiyim yer sənsən. Əgər qövmüm məni bu şəhərdən zorla çıxarmasaydı, mən öz xoşluğumla əsla çıxmaz, başqa yeri yurd tutmazdım.Daha sonrakı illərdə Məhəmməd peyğəmbərin öz vətəni olan Məkkəni həsrətlə xatırlamasına dair çoxsaylı nümunələr var. Yəni vətəni sevməyə dair dini referansa ehtiyac varsa, bunun kifayət qədər nümunəsi var”-deyə tanınmış dinşünas deyib.

Onun fikrincə insanın doğulub böyüdüyü, aid olduğu məkanı vətən bilməsi, ona sevgi bəsləməsi və cəmiyyətin mənafeyinə zidd olan fikirlərdən və əməllərdən uzaq durması mənəvi bir məsuliyyətdir.