Azərbaycan Ordusu Ermənistanın ərazi bütövlüyümüzə qarşı istənilən addımına cavab verməyə hər an hazırdır - Müdafiə Nazirliyi

Azərbaycan Ordusu Ermənistanın ərazi bütövlüyümüzə qarşı istənilən addımına cavab verməyə hər an hazırdır - Müdafiə Nazirliyi

Bakı. Trend:

Azərbaycan Ordusu Ermənistanın suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı addımına qətiyyətlə cavab verməyə hər an hazırdır.

Trend-in məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu ermənilərin keçilməz saydıqları “Ohanyan səddi”ni aşaraq torpaqlarımızı işğaldan azad etdi.

E.Əbilov bildirib ki, torpaqlarını azad etməklə Azərbaycan Ermənistanın hərbi cinayətlərinə cavab verdi.

E.Əbilov vurğulayıb ki, 44 günlük Vətən Müharibəsindən sonra da Ermənistanın təxribatlarına layiqli cavab verilib:

“Düşmən bizə mina xəritələrini təqdim etmir, etdikləri xəritələr də tələblərə cavab vermir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirib. Bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb”, - deyə o qeyd edib.

Laçın və Kəlbəcərdə 44 günlük Vətən Müharibəsindən sonra yeni basdırılımış minaların aşkarlandığını söyləyən E.Əbilov vurğulayıb ki, Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayələrini təsdiq edir: “Yəqin ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq, çünki Birinci Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb”, - deyə o əlavə edib.