Aİ Türkiyə və Suriya üçün donorlar konfransını təşkil edəcəyini elan edib

Aİ Türkiyə və Suriya üçün donorlar konfransını təşkil edəcəyini elan edib

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər görən Türkiyə və Suriya üçün donorlar konfransı keçirəcək.

TurkicWorld xəbər verir ki, Türkiyədə və Suriyada baş verən zəlzələnin ardından Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen və İsveçin Baş naziri Ulf Kristerson beynəlxalq ictimaiyyətdən maliyyə vəsaitlərini səfərbər etmək üçün donorlar konfransına ev sahibliyi etmək niyyətini bu gün açıqlayıblar.

Avropa Komissiyasının verdiyi məlumata görə, tədbir mart ayında Brüsseldə keçiriləcək.

Avropa Komissiyası bildirib ki, donorlar konfransı bu həftə baş verən dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyəti səfərbər etməyə kömək edəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.